Wednesday, July 04, 2012

Türkmən yazıçısı yataqlar probleminin “sivil” həllinə səsləyir

BBC: Xəzərdəki mübahisəli yataqlarla bağlı Azərbaycanla Türkmənistan arasında gərginliyin artması fonunda tanınmış türkmən yazıçısı və publisisti Ak Velsapar problemin “sivil” çözümünə çağırır. İsveçdə mühacirətdə yaşayan tanınmış yazıçı BBC Azərbaycancaya müsahibəsində Xəzər problemini təhlil edərək Türkmənistanın bu məsələdə işlənilmiş yekun mövqeyə malik olmadığını deyib.
Türkmənistan tərəfindən də müəyyən səviyyədə - adi adamlarla rəsmi səviyyədə - bu məsələnin müzakirəsi aparılır.
 İnternetdən, forumlardan və digər mənbələrdən aldığım məlumatlara görə burada iki mövqe mövcuddur: Onlardan birinə görə məsələ qardaşçasına həll edilməli və kəskinləşməyə yol verilməməlidir. Forumlarda məsələyə münasibət bildirən türkmənlərin çoxu heç vaxt münaqişə və müharibə aparmayan qonşuların yaxşı olan münasibətlərinin qorunub saxlanılması istəyir. Rəsmi mövqeyə gəlincə isə Türkmənistan məhz indi səsini ucaldıb. 2008-ci ildə də bu mövzu ilə bağlı müzakirələr meydana çıxsa da, tezliklə sakitləşdirildi. Hətta o vaxt məsələnin həll olunması təəssüratı yaranmışdır. Lakin nədənsə Türkmənistan indi bu məsələni kəskinləşdirir, eyni tendensiyanı mən Azərbaycan tərəfindən də görürəm. Azərbaycan da öz mövqeyini, belə deyək də, daha sərt şəkildə ifadə etməkdən çəkinmir. Mən bu məsələnin normal, sivil həllinin tərəfdarıyam.
İndiyədək Türkmənistan Transxəzər layihəsi barədə ziddiyyətli bəyanatlar verib. Mübahisənin qızışdığı bir vaxtda bu layihə gündəlikdə qalırmı?
Bir il bundan əvvəl Türkmənistanla Azərbaycan Transxəzər layihəsinin danışılıb həll oluna biləcəyi barədə sinxron bəyanatlar verirdilər. Bu gələcək qərarlar üçün yaxşı başlanqıc idi. Rəsmi Türkmənistan hazırda hövzənin orta xəttlə bölünməsi prinsipində israrlıdır. Bu məsələnin məqbul çözümüdür. Lakin Türkmənistan bu mübahisəni beynəlxalq arbitraj yolu ilə həll etmək istəyir. Türkmənistanın qaz və neft nazirinin sözlərinə görə Aşqabad bu məsələ ilə bağlı BMT-yə müraciət edəcək. Məncə burada da qəbahət yoxdur, bu məsələni bu cür sivil şəkildə həll etmək mümkündürsə onu birdəfəlik çözmək lazımdır.
Siz hadisələri bir növ qarşı tərəfdən izləyirsiniz. Xəzərin Türkmənistan sahilindən baxanda nə kimi mənzərənin açıldığını görmək olar.
Mən bildiyim qədər rəsmi Aşqabadın fikrincə Bakı Sovet dövründə həmin yataqların Azərbaycan tərəfindən kəşf edilib işlənilməsinə istinadən mübahisəli yataqları sadəcə olaraq Türkmənistanın əlindən almaq niyyətindədir. Buna rəsmi Aşqabadın cavabı belədir: O vaxtlar bu məsələ Azərbaycanla Türkmənistanın səlahiyyətində olmayıb - bütün neft və qaz yataqları, təbii ehtiyatlar mərkəzi hökumətin əlində olub. Buna görə Azərbaycanın bu mövqeyi Türkmənistan tərəfindən qəbul edilmir. Bununla razılaşmamaq çətindir. Türkmənistan forumlarında, internet səhifələrində bu yatağın müştərək işlənilməsi və neftin yarıbayarıya bölünməsi ədalətli qərar kimi təklif olunur. Rəsmi Türkmənistanın mövqeyi isə bu dəfə daha radikal kimi görünür. Aşqabad məsələnin beynəlxalq səviyyəsində həlli üçün arbitraj məhkəməsinə müraciət etmək niyyətindədir.
Cənab Velsapar Xəzərin bölünməsində Türkmənistanın hazırkı mövqeyi nədən ibarətdir.
Zənnimcə Türkmənistan bu məsələdə vahid və yaxud da işlənilmiş yekun mövqeyə malik deyil. Türkmənistan gah Rusiya gah da İranın mövqeyini dəstəkləyir. İran dənizin 20 faiz prinsipi üzrə bölünməsini tələb edən kimi Türkmənistan ondan uzaqlaşaraq Rusiyaya yaxınlaşır. Çünki Aşqabad üçün belə bölünmə əlverişli deyil. Lakin Rusiyanın təklif etdiyi Xəzərin ümumi istifadəsi də Türkmənistanı qane etmir. Mən hesab edirəm ki, 5 ölkə arasında Bakı ilə Aşqabad Xəzərin bölünməsi məsələsində ən yaxın mövqeyə malikdirlər. Və onlara gələcək qərarın həllinə zəmin yaradacaq çözümün əldə olunmasında yataqlarla bağlı mübahisə mane olur. Bu məsələnin həlli təqdirində Qazaxıstanda bu çözümə qatıla bilər ki, Rusiya ilə İran bu 3 ölkənin qərarına qulaq asmalı olacaq. Buna görə də Azərbaycanla Türkmənistan çözüm tapmalıdır. Qarşıdurma məsələni həll etmir. Mən əminəm ki, Azərbaycanla Türkmənistan arasında müharibə olmaycaq - bu istisna olunur. Lakin hətta kiçik təxribatlar da olmamalıdır. Çünki bu nə Azərbaycana nə də ki, Türkmənistana lazım deyil.

No comments:

Post a Comment