Wednesday, October 17, 2012

Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» mənzuməsi Azərbaycan ədəbiyyatşünaslığında

Xalidə Xalid İsmayilova
Azerbaijan Star-Toronto:
 XX əsr  İran poeziyasının, eləcə də ümumazərbaycan şerinin layiqli nümayəndələrindən biri də həmişəyaşar ustadımız Məhəmmədhüseyn Şəhriyardır.
Şəhriyar şeiri, Şəhriyar dühasının ölməzliyindən xəbər verir. Əgər belə olmasaydı dünyanın bir çox ölkələrinin ədəbi tənqidində Şəhriyar irsinə münasibət mühüm yer ala bilməzdi.
Bu vaxta kimi Şəhriyar haqqında çox deyilib, çox yazılıb. İstər onun bütövlükdə yaradıcılığı, istərsə də Şərq dünyasında onu «Heydərbaba şairi» kimi məşhurlaşdıran, «Heydərbabaya salam» mənzuməsi haqqında yazılan qalaq-qalaq nəzirələr, elmi-tədqiqat işləri, ithaflar, xatirələr, publisistik məqalələr ustadın ədəbi mühitində hansı zirvədə durmasına əyani sübutdur.
Ustad Şəhriyar bildiyimiz kimi yaradıcılığa farsca şerlər yazmaqla başlamış, «Heydərbaba» meydana gələnə qədər bu dildə gözəl əsərlər yaratmışdır. Amma, Şəhriyarı Şəhriyar kimi məşhuri-cahan edən məhz onun azəri türkcəsində yazdığı əsərlərdir.

 Ustadın yaradıcılığında ən yüksək zirvə sayılan və ona dünya şöhrəti qazandıran «Heydərbabaya salam»  mənzuməsi yazıldığı gündən böyük əks-sədaya səbəb olmuşdur.
İran və Türkiyədən fərqli olaraq “Heydərbabaya salam” mənzuməsini Şimali Azərbaycan oxucusu və ədəbi ictimaiyyət 1958-ci ildə tanımışdır.
14 sentyabr 1958-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetinin 41-ci sayında mərhum professor Həmid Məmmədzadənin «Şəhriyar Təbrizi» adlı məqaləsi ilə başlanan bu tanışlıq sonralar professor Qulamhüseyn Beqdeli tərəfindən davam etdirilir.
Q. Beqdeli 1962-ci ilin iyun ayının 30-da «Ədəbiyyat və incəsənət» qəzetində  “Heydərbabaya salam”  mənzuməsinin yazılması və Təbrizdə çap olunması barədə məlumat verir. Bir il sonra isə o, “Məhəmmədhüseyn Şəhriyar” adlı ilk kitabçasını çap etdirir. Q. Beqdelinin Şəhriyar haqqında kitabçası işıq üzü görəndən az sonra akademik Mirzə İbrahimovun kitab barədə fikirləri mətbuatda dərc olunur. Bir qədər sonra isə mənzuməsi daxil olmaqla şairin «Seçilmiş əsərləri» nəşr edilir. Kitab haqqında “Heydərbabaya salam” məqaləsində görkəmli tənqidçi Məmməd Arif şairin buradakı əsərlərinin diqqətli və düşüncəli təhlili əsasında onun poeziyasının “ictimai-fəlsəfi düşüncələrlə zəngin” olmasını, əsərlərində xüsusilə geniş mənbələrdən real təbii təsvirlərə, aşiqanə lövhələrdən faciəli qəhrəmanlıq səhnəsinə, adi məişət epizodlarından tarixi-fəlsəfi ümumiləşdirmələrə «keçmişini, şairin sənət görüşlərini» bu görüşlərində onun «şeri hikmətlə vəhdətdə götürməsini» göstərərək əsas etibari ilə də «Heydərbabaya salam» mənzuməsi üzərində dayanıb qeyd edirdi ki, bu poemanın özəlliyi yalnız ana dilində yazılmasında deyildir. Onun əsas üstünlüyü tənqidçinin fikrincə, «mövzu və ideya ilə bədii forma, bədii ifadə tərzi arasında nadir bir uyğunluq, çox müvəffəqiyyətli bir vəhdət yarada bilməsin»də idi.
Şəhriyarın əsərləri, xüsusilə də məşhur mənzuməsi olan «Heydərbabaya salam» çox həlledici bir məqamda Şimali Azərbaycanda yayıldı. Bu o zamanlar idi ki, yeni Azərbaycan şeiri yaranırdı, poetik inkişaf yeni bir mərhələyə qədəm qoyurdu,poeziyada yeni fikirlər doğulur, ədəbiyyat sahəsində, yaradıcılıq sahəsində illər uzunu sabitləşmiş siyasi-ideoloji buxovlardan xilasolma meylləri güclənirdi. Poeziyada şəxsiyyətin mənəvi-fikir axtarışları əsas olmağa başlayırdı, yazarların əsərlərində, yaradıcılıqlarında milli yaddaşa, mənəvi dəyərlərə qayıdış fəallaşırdı.
Şəhriyarın məşhur mənzuməsi bu məqamda çap olundu və dərhal da Şimali Azərbaycan poetik prosesi ilə səsləşdi, poeziyanın öz milli simasının dərinləşməsinə, milli obrazlı sistemini, milli poetikasını mənimsəməsinə kömək etdi və bu yönümdə önəmli rol oynadı.
Bu mənzumədən sonra Şəhriyarla bu taylı qələm əhli arasında məktublaşmalar başladı. Bu məktublaşmaya ilk olaraq ustadın özü səy etdi:

Bir gecə daradı ahım qəfəsi,
Ah çəkib, Araza saldım nəfəsi
O taydan səslədin, aldım o səsi,
Onda qış çevrilib mənə yay oldu.
                                       («Süİeyman R üstəmə»)
O gün ki, Rahimin məktubu gəldi çatdı,
baxdım ki,
     Anam qanilə  qəlbi çırpınanlardan qalan               
vardır.
    Daha Heydərbabanın  nərəsini qaytarmadan
       gördüm
                      O tayda sinələrdə sanki minlər Savalan
    vardır
  Ürək qanilə  qəlbi çırpınanlardan
qalan gördüm Sənin də Şəhriyarın tək bu tayda bir
balan vardır.
(«Şəhriyarın Məhəmməd Rahimə cavabı»)

«Heydərbaba»dan sonra Şəhriyar bir sıra əsərlər yazdı. Önəmli cəhət ondadır ki, ustad yazdığı bu əsərlərdə «Heydərbaba» ruhunu və poetikasını, milliliyini qoruyub saxlayırdı.
1981-ci ildə professorlar Q.Beqdeli və H.Məmmədzadə Şəhriyarın «Aman, ayrılıq» adlı kitabını nəşr etdirdilər.
Bu topluya ön sözdə H.Məmmədzadə Şəhriyarın yaradıcılığında təkcə klassik üslubda məhdudlaşmadığını, poeziyada yeni yollar, yeni imkanlar axtaran bir şair olduğunu, İranda, fars poeziyasında «yeni şerin» görkəmli nümayəndələrindən biri kimi də çıxış etdiyini yazır və aydınlaşdırır. Məhz poemada Şəhriyarın «yeni şer» görüşləri, axtarışları bitkin, sistemli halda özünün göstərmişdir. H. Məmmədzadə bu haqda yazır: «Azərbaycan ədəbiyyatı üçün Şəhriyar hər şeydən əvvəl «Heydərbaba» şairi»dir.   Şəhriyar kimi sənətkarlara milli məhdudiyyət, milli qapalılıq yaddır. Bu xisləti şairlərin əsərləri həmişə böyük, geniş, ümumbəşəri, insanlığa xoş hisslər və düşüncələr ifadə edir.
Şəhriyarın anadilli poetik irsinin bütünlükdə Azərbaycan ədəbiyyatı üçün məna və əhəmiyyəti müstəsna dərəcədə böyükdür. Bir reallığı da nəzərdən qaçırmaq olmaz ki, Şəhriyar təkcə xalq şeiri üslubunda yazdığı əsərlərində «Heydərbabaya salam»mənzuməsində yox, klassik üslub və poemada yazdığı lirik şerlərində də bu sözün həqiqi mənasında milli və xəlqi şairdir.
Şəhriyarın ölümünün son aylarında 1983-cü ilin yayında professor H.Məmmədzadə şairin görüşünə gedir və ustadın divanını tərtib etməyə başlayır. Alimin bu addımı sevindirici bir hadisə kimi Azərbaycan ədəbiyyatşünaslığında önə çəkilməyə bilməz.
Şimali Azərbaycanın görkəmli alimlərindən sayılan Rüstəm Əliyevin «Azərbaycan» jurnalının 1975-ci ilin 5-ci sayında «Şəhriyarla görüşlərin» adlı məqaləsindən bəzi məqamlara nəzər salaq:
«Söz sənətinin mahir ustadı Şəhriyardan yazdıqca yazmaq olduqca çətin, həm də məsuliyyətlidir. Bu ulu sənətkarın ədəbiyyatda yerini, Arazın o tayında yaşayan Azərbaycan xalqının milli düşüncə, duyğu və özünü anlamasının çiçəklənməsində, bədii qavrayışının inkişafındakı... rolunu bütövlükdə başa düşmək üçün bəlkə, yavaş-yavaş uzaqlaşaraq sürüb gedən bir vaxt gərəkdir».
«...Heydərbabaya salam» mənzumsəi İranda bomba kimi partlayış doğurdu. Onun əks-sədası isə nəinki İranın ən ucqarlarında, hətta başqa ölkələrdə azərbaycan­lıların yaşadığı İraq və Türkiyədə də eşidildi. Çox milyonlu Azərbaycan xalqının həyatında böyük bir hadisəyə çevrildi...»
Şimali Azərbaycanda-ədəbi mühitdə böyük poetik «partlayışa» səbəb olan «Heydərbaba»mənzuməsi haqqında çox fikirlər söylənilib, çox misralar qələmə alınıb.
Bu poemanın ülfətindən doğan yazıları bir yerə toplasaq heç şübhəsiz ki, cild-cild kitablar yaranar.
Qüzey Azərbaycanın həsrət nəğmələri Şəhriyarın qəlbində məşəl olub Azərbaycan - Odlar yurduna işıq, nur çilədikcə, şairin bu taylı qardaşları, həmkarları da onun məhəbbətindən, bu sevginin şöləsindən ilhama gəlmiş, onu sevmiş, əzizləmiş, onunla əlaqə saxlamış və həsrətlə bir gün onun Bakıya gəlişini gözləmişlər.
Şəhriyar dühasından vüsət alan şairlərimizdən M.Dilbazi, N.Xəzri, H.Billuri, G.Tudə, S.Tahir, M. Gülgün, M.Araz, H.Kürdoğlu və başqaları doğma şairin Azərbaycan xalqına məhəbbət dolu ürəyi susduqdan sonra da bu ölümsüz itkiyə həsr etdikləri şerlərində onun sənətinin, ideyalarının əbədiliyini ifadə etmiş və şairə ümumxalq məhəbbətini misralara çevirmişlər.
Xalq şairi B.Vahabzadənin ustada həsr etdiyi « Eyni yaşdayıq» şerini kövrəlmədən oxumaq mümkün deyil:

Bizim bir kimsədən bir qəsdimiz yox, Biz iki qardaşıq, bir anamız var.
Bir böyük torpağın iki oğluyuq,
Orda Şəhriyaram, burda Bəxtiyar.

«Heydərbabaya salam» mənzuməsindən doğulan məhəbbətdir ki, bu taylı alim­lərimiz­dən H.Billuri, N. Rizvan, E.Şükürova, A.Əliqızı, E.Quliyev şairin həyat və yaradıcılığı haqqında elmi araşdırmalar apararaq namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişlər.
Böyük ustadın tükənməz ədəbi yaradıcılığının təbliğində görkəmli alim və ədiblərimizdən R.Əliyev, M.A.Dadaşzadə, M. İbrahimov, R.Sultanov, B.Azəroğlu, M.Əlioğlu, İ.Cəfərpur, B. Hüseynov və başqalarının böyük əməyi olmuşdur.
Çox çətin, mürəkkəb, lakin uğurlu və ibrətamiz, şərəfli və ləyaqətli bir ömür yaşamış Məhəmmədhüseyn Şəhriyarın həyatı və poeziyası bu gün o taylı bu taylı Azərbaycan ədəbiyyatında sönməyən bir məşəl kimi parlayır. Onun işığı, əməlləri, arzuları və ideyaları Şəhriyarsevərlərin yolunu işıqlandırır, insanları riqqətə gətirir, onları həqiqət uğrunda mübarizəyə səsləyir.