Tuesday, September 25, 2012

Paytaxtı Təbriz olan yeni Azərbaycan dövləti yaradılır -پایتختی تؤوریز بولان ینه-ده بیر آزربایجان دؤولتی دؤره دیلر

پایتختی تؤوریز بولان ینه-ده بیر آزربایجان دؤولتی
“Regionda Türkiyədən də güclü böyük Azərbaycan dövlətinin yaranması mümkündür”
“Nyu-York Tayms” qəzeti yaxın zamanlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səsləndirib. Qəzet 22 sentyabr sayında İrana hərbi müdaxilədən sonra regionda indiki Türkiyədən də güclü böyük Azərbaycan dövlətinin yarana biləcəyini yazıb.
Qeyd olunur ki, İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski yüksəkdir: “İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlətin yaranması mümkündür. Bu dövlət Azərbaycan Respublikası ilə birləşə və daha böyük müttəfiqi olan Türkiyə ilə birlikdə yeni regional güc meydana çıxara bilər. Bu halda Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddiaları çətin vəziyyətə düşəcək”.
“Nyu-York Tayms” dünyanın başqa yerlərində də yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallara yer verib:
Mali
Malinin şimalında tuareq tayfalarının yeni dövlət yaradacaqları və ölkənin parçalanacağı qaçılmaz görünür.
Belçika
Dil baxımdan ikiyə bölünmüş (fransız və holland dili) Belçika fransız dilinin üstünlüyü əsasında birləşdirilsə də, bu ölkə də qarşıdakı onilliklərdə ikiyə bölünməyə doğru gedir..
Konqo
Elə indidən iki Konqo var. Biri Fransanın koloniyası, o biri isə Belçikanın. Onların paytaxtları da eyniadlı bir çayın kənarında üz-üzə dayanıb.
Somali
Milli hökumətin qurulması bu ilə planlaşdırılır. Amma çoxları inanır ki, ölkənin şərq və qərb hissələri - Puntlend və Somalilend artıq birlikdə olmaq istəmirlər.
Yazıda o da qeyd olunur ki, vətəndaş müharibəsindən sonra Suriyanın gələcəyinin necə olacağını demək çox çətindir: Amma bir şey dəqiqdir ki, aylarla uzanan qanlı müharibədən sonra Suriya əvvəlki ölkə olmayacaq. Ola bilər, Suriya dini sektaların hökumətə meydan oxuduğu keçmiş Livan kimi bir ölkəyə çevriləcək. Ya da Suriya etnik əsaslarla parçalanmış Dəməşq və Hələb kimi şəhər-dövlətlərə çevrilə bilər.
“Nyu-York Tayms”ın ehtimallarına görə, ABŞ qüvvələrinin bölgədən çəkilməsi, İranın qərbində və İraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi Birinci Dünya müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə təzədən çəkilməsi ilə nəticələnə bilər: “Kürdlərin 3 min illik tarixlərində müstəqil kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb. İranın şərqində və Əfqanıstan ərazilərində böyük Puştunistan qurula bilər. Təbii qaz ehtiyatları ilə zəngin olan Bəlucistanın da (Pakistan) müstəqilliyi mümkündür.
Qəzet Şimali və Cənubi Koreya arasındakı mübahisəli sərhədin də aradan qalxa biləcəyini vurğulayıb.
Oral MƏDƏNÇİ